Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatı
11 aprel 2018 21:43
2018-ci il aprelin 11-də keçirilən Azərbaycan
Respublikası Prezidentinin seçkilərində səsvermə prosesi seçki subyektlərinin
və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə
uyğun keçir.
Ümumilikdə seçkilər dövrü və səsvermə günü hazırki
vaxta qədər hər hansı qanun pozuntusunun olmasına dair Mərkəzi Seçki
Komissiyasına heç bir rəsmi məlumat daxil olmamışdır. Lakin sosial şəbəkələrdə
seçkilərin demokratikliyinə və şəffaflığına
kölgə salmaq istəyən bəzi maraqlı qüvvələr (Meydan TV və onun yaydığı məlumatları
tirajlayan 2-3 maraqlı subyekt) tərəfindən həqiqətə uyğun olmayan və heç bir
fakta söykənməyən uydurma məlumatlar yayılır.
Belə saxta məlumatlara misal olaraq demək olar
ki, guya 17 saylı Yasamal üçüncü seçki
dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrində seçki qutularının standartlara
cavab verməməsi, komissiya üzvlərinin
yuxarıdan tapşırıqla işlədiklərini etiraf etmələri, seçki qutusuna topa
bülleten atılması kimi ciddi qanun pozuntularının baş verdiyini müşahidəçi Əli
Zeynalova istinadən iddia edilir, halbuki həmin şəxs qeyd edilən dairənin
ərazisində və məntəqələrdə ümumiyyətlə müşahidə aparmamışdır. 52 saylı məktəb
15 saylı seçki dairəsinin ərazisində olduğu halda, həmin məktəbdə 17 saylı
seçki dairəsinin 5, 6 və 7 saylı seçki məntəqələrinin yerləşməsi, 57 saylı
Hacıqabul-Kürdəmir seçki dairəsi mövcud olmadığı halda həmin dairədə qanun
pozuntularının baş verməsinin iddia edilməsi, anonim müşahidəçilər adından
onlara maneələrin yaradılması da bu qəbildəndir.
MSK hesab edir ki, bu kimi
saxta məlumat yayan internet resurslarının və sosial şəbəkə profillərinin əsas
məqsədi ölkəmizdə keçirilən azad, demokratik və ədalətli seçkilərə kölgə
salmaq, eyni zamanda beynəlxalq və yerli
müşahidəçilərə yanlış məlumat vermək və onları yanıltmaq məqsədi daşıyır. 60000-dən
artıq yerli və beynəlxalq müşahidəçinin heç bir maneə olmadan fəaliyyət
göstərdiyi və 1000 veb-kamera vasitəsilə "online” rejimdə birbaşa izləmə imkanı
təmin edilən bir şəraitdə yayılan bu cür saxta məlumatların ciddi qəbul
edilməsi qeyri-mümkündür.
MSK xüsusi olaraq vurğulayır
ki, Azərbaycan seçicilərinin hüquqlarının qorunması üçün zəruri olan bütün
tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək, mümkün pozuntuların
qarşısının almaq və hər hansı bir pozuntu baş verdiyi tədqirdə nəticələrinin aradan qaldırılması
istiqamətində lazımi addımlar atacaqdır.