İyulun 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

26 iyul 2013 13:43
Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

[26.07.2013]

İyulun 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.

Əvvəlcə Komissiyanın 5 iyun və 18 iyun 2013-ci il tarixli iclaslarının protokolları təsdiqlənmişdir.

İclasda aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə dair məsələyə baxılmışdır. Məsələ barədə məlumat verən MSK sədri bildirmişdir ki, dövlət başçısının "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarına uyğun olaraq Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının sədr və üzvləri üçün növbəti kursların təşkil edilməsinə dair müvafiq hazırlıq işlərini başa çatdırmışdır. Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar dairə seçki komissiyalarının sədrləri üçün MSK-nın inzibati binasında, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçiriləcəkdir. Kurslarda ali dövlət qurumlarının rəhbər şəxsləri mühazirələr oxuyacaqlar.

Sonra Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov dairə seçki komissiyalarının sədr və digər üzvləri, məntəqə seçki komissiyalarının sədrləri üçün 10 günlük seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların təşkilinə dair qərar layihəsi barədə məlumat vermişdir. MSK qərara almşdır ki, seçki komissiyalarının sədrləri üçün 2013-cü il iyulun 29-dan avqustun 4-dək Bakı şəhərində, dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə 2013-cü il avqustun 5-dən 7-dək regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

MSK seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir. İclasda beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
media və ictimai əlaqələr şöbəsi